24 Kasım 2015 Salı

Sevgisiz. Şeir



Nədir qəlbimizdə bu kin küdurət
Dağılıb un kimi urvalanmışıq.
Bir qəlbi vurmağa yetər məhəbbət,
Bizsə , nifrət ilə alovlanmışıq.



Bir gün döyünməyi dayanacaqdır,
Nə kini duyacaq, sevgi, nifrəti.
Ürək üzülməyi saxlayacaqdır,
Göstərə bilmədi bizə sərvəti.


O sərvət ki, sandıq qapısı kimi,
Açılır səhərlər nur dolur otaq.
Qədrini bilmirik, axı hər səhər
kimin əli ilə nurlanır yataq?



Ətrini bəşərə əsirgəməyən
Yaşılı libası əynində solub
Barından başını aşağı dikən,
İndi ağaclar da sevgisiz qalıb.


Artıq gül yerinə ,silah açılır,
Evlər tonqal kimi yanır, buğlanır
Layla, yuxusuna yatıb doymadan,
Yorğanı tutuşur körpənin , yanır...


Hardasa bir ana beşik sallayır.
Yanıqlı bir mahnı düşmür dilindən.
Yalvarır Tanrıya o yorulmayır.
Bəlkə bir qığıltı gələ beşikdən...


Kaş yuxu olaydı , ya da bir kino.
Oyanıb sevəydik bütün dünyanı.
Bu filmi sevmədim deyib söndürək.
Bağlayaq , səssizə alaq ekranı.

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin