Son yazılar

6 Mart 2017 Pazartesi

Başlıq

     Tutalım burda yazı yazdıq

22 Aralık 2016 Perşembe

Kəramətli su...

İyul günəşinin yandırıcı  günlərindən idi.  Dünyaya yenicə göz açmış oğlumu yatırıb beşiyinə yerləşdirmişdim ki, qapımın möhkəm döyülməsinə diksindim. Uşağın ayılmaması üçün barmaqlarımın ucunda qapıya tərəf tələsdim. Gözlüyə baxmağa fürsət tapmadan, qapının çölündə qonşularımın səsini eşidib, tərəddüdsüz qapını açdım. Yəqin yenə xar tut satırlar, ya da nə bilim , kimin əlinə nə keçir  burda satmağa gətirirlər. Bina evi olduğu üçün gətirilən mer-meyvə, əl-üstü alınırdı.  Lakin, abu-havadan başqa hava sezdim və  görməyə adət etdiyim tanış üzlərin içərisində, hündürboy, dolu, qara və bir aaz seyrək tüklü baş bir kişi gördüm. Əlində bir torba və dəmirdən ya nədənirsə əl formasında bir şey gördüm. Göz-gözə gəliyimiz ani ,qısa zaman kəsiyində ağlımdan min-bir fikir keçdi. Qonşum Məsmə xala qələbəliyi yarıb, özünü irəli verdi :
" Kübi, biz baxdırdığey, sən də gəl. Dedüy bizdən geri qalmayasan!"
Hələ o vaxtlar çox gənc və təcrübəsiz olduğum üçün, tam anlaya bilmədim. Təxmin etsəm də, bir başa demədən:
 "Nəyə baxdırırsız,Məsmə xala?" dedim.
 "Az, nəyə olacağ. Gəl bura , biləssən"

Adamın təhər-töhüründən elə fırıldaq yağırdısa da, qonşuların küyünə düşüb maraqlandım. Yaxınlaşıb lazım olduğu kimi , uzadılan bir sapı  böyük məsuliyyətlə iki qatlayıb "baxıcı"ya uzatdım. Kişi sapı alıb ovcunda sıxdı və həmin əliylə kürəyimə 3 dəfə də vurub evdən  bir stəkanda su gətirməyimi istədi. Gətirdim... Suyu içəcəyini sanmışdım ki, kişi stəkanını ağzına yaxınlaşdırdı, sanki ağzında hazır saxlaığı köpüklü tüpürcəyini suya saldı. Ardıyca gözlərini üstümə bərəldərək:
 "Görrəm cavansan, evdə körpə balon da  var. Çox xəstədi. Onun fikrin edersən. Məə, beş kilo ətin pulun ver, balana heş bi şey olmacağ"
 Bir anlıq qanım dondu. Bu kişi hardan bilirdi mənim körpəmin xəstə olduğunu... İlahi, ya ona bir şey olsa nə edərəm? Bəs o pulu hardan tapacam? Evdə cəmi -cümlətani 20 şirvan var , onu da gətirim buna verimmi? Bəs , axı yoldaşım evə gələndə, deməzmi ki, pullar hanı?...
Mən bunları düşünərkən, qonşularım dizlərinə vura-vura ,məndən nəyim var gətirib baxıcıya verməyimi təkid edirdilər. O vaxtkı vəziyyətimdə o pula çox ehtiyacım olsa da, oğlum gözümün önünə gəlincə heç nəyi düşünməz hala gəlirdim. Bir tərəfdən də , ürəyimdə öz-özümü durmadan lənətləyirdim. Axı, qapını hər döyənə niyə açmalıydım ki...

Həyəcan və qorxudan titrəyə-titrəyə evə gəlib, pul qabında olan axırıncı pulları gözümü yumub "körpə oğlumun canına fəda olsun milyon şirvanlar " deyib ,pulu götürdüm və gətirib kişiyə verdim. Kağız pulları görcək, kişinin  qap-qara, iri  gözləri parıldadı. Pulu alcaq stəkandakı  "köpürcəkli" suyu mənə verib cəld uzaqlaşdı. Bundan sonra elə bil qurbağa gölünə daş atmısan. Sakitlik çökdü, hərə öz komasına dağılışdı. Mən də kor-peşman düşüncəli halda bir müddət evin içində dolaşdım. Dolaşdım da... illər keçib, oğlum sağ və salamatdır çox şükür. Pullar da cəhalətimin qurbanı oldu , eybi yox...Baxın, mən stəkandakı o "kəramətli" suyu neynədiyimi xatırlamıram.

18 Ekim 2016 Salı

Aziz Nesin hekayəsi (Tərcümə)





  Üç ay gecəli- gündüzlü işləyib bir roman yazmışdım. Dünyada hər kəs bir-birini aldadar, yazar qismi də öz-özünü aldadar.
   Başqalarına deməyə utansam da, öz - özümə romanın əla olduğunu deyə bilərdim. Redaksiyalardan birinə apardım.

  " Biz yerli, öz yazarlarımızı çap eləmirik" dedilər.
  " Bir dəfə oxuyun"
  "Ehtiyac yoxdur. Xalq yerli roman sevmir"

  Bir kitabçıya apardım.
  "Hələ bir romanım  var " deyər, deməz, arxasınca ,
  " Biz yalnız tərcümə romanlar çap edirik" dedi.

  Başqa birinə apardım , o da:
  " Tərcümə roman varsa gətirin. Şəxsi romanlar satılmır" dedi.

  Haraya getdimsə, hamısı bir- birinin ağzına tüpürmüş kimi...
  Üç ay dayanmadan, çalışıb yazdığım romanım, heç kim görmədən məscid qapısına qoyulan günah körpəsi kimi əlimdə qaldı. O zaman ağlıma bir fikir gəldi. Bizim bəzi yoldaşlar , kimi fransızcadan, kimi  almancadan , kimi ingiliscədən, kimi italyancadan hekayələr aparıb, Consonu Əhməd, Martanı Fatma edirlər, sonra özləri yazmış kimi altına imzalarını çəkib nəşriyyatlara verirlər. Bəs mən niyə əksini etməyim ki ?
  Oturdum , romanda nə qədər türk adı varsa ,dəyişib yerinə  Amerikan adlar , Nyu-Yorkun planını da  tapıb yer adlarını da dəyişdirib Amerikanca elədim. Növbə romanın yazarına gəldi; ortaya Mark Obrien adlı bir amerikalı yazar  çıxardım.

  "Ancaq tərcümə romanlar çap edirik" deyən nəşriyyata getdim.
  " Sizə Mark Obriendən tərcümə etdiyim bir romanı gətirdim " dedim.
  " Çox gözəl. Kimdir  bu Mark Obrien?"
  "Aaa! Bilmirsiniz?  Məşhur Mark Obrien . Romanları bütün dünya dillərinə tərcümə edilmiş bir yazardır o"
  Romanı oxumağa ehtiyac belə duymadılar. Pulları ovcuma sayıb, romanı aldılar. Ancaq məndən , yazar haqqında məlumat yazmağımı istədilər. Evə gəlib qələmimi qucaqladım:

  " Mark Obrienin son şah əsəri "Struggle fir life"
   Amerikanı yerindən oynadan bu roman bir ayda 4 milyon satılmışdır. Dünyanın bir çox dillərinə tərcümə olunmuş bu roman, nəhayət dilimizə  "Həyat mübarəsi"  adıyla tərcümə edilmişdir "
 
  Mark Obrien cənabımıza bir da bir tərcümeyi-hal yazdım ki, heç soruşmayın. 18 uşaqlı bir ailənin sonbeşiyi. Atası Filadelfiyada bir təsərrüfatçıdır. Oğlunu keşiş kimi görmək istəyir. Kiçik Mark 14 yaşında ilahiyyatçı professorun qaba ətinə iynə batırıb , Eynən bir çox məşhur amerikalı yazarlar kimi, məktəbdən qovulmaq zəkasını göstərir. Balıqçılıqla məşğul olur. Yəni, bildiyiniz hekayə...  40 yaşında ilk hekayəsini  "let us kiss" nəşriyyatına göndərir. Beləcə, uzun bir tərcümeyi- hal yazdım.

  Bizim roman özünü tutmaqda olsun, kitabçılar "Amandır, bizə də Mark Obriendən roman tərcümə et"deyərək arxamca düşdülər.
  Marc Obriendən 18 roman tərcümə etdim.Hələ ömrüm varkən, yenə də edəcəyəm.İş bununla bitmədi əlbəttə. O bildiyiniz  məşhur polis xəfiyyəsi Cek Lammer var haa, kitabı əldən -ələ gəzən. Ondan da 6 kitab tərcümə etdim.Son zamanlarda işi bir xeyli genişləndirmişəm. Hind dilindən, Çin dilindən tərcümələr edirəm.
 
Bu gedişlə, bir zaman gələcək, Amerika ədəbiyyat tarixini yazanlar, Türkcə romanlar oxumağa məcbur olacaqlar. Mənim də son ümidim Mark Obrien adıyla Amerika ədəbiyyatında yer almaqdır.
 Əziz Nəsin.
  

11 Ağustos 2016 Perşembe

Şarlotte Bronte "Jane Eyre" əsəri haqqında təəssüratım.

Ata – anasını hələ körpəlikdən itirmişdi o.Dayısı onu  çox sevdiyi üçün öz himayəsinə götürmüşdü.Lakin amansız ölüm bu yetim qızcıqaza dayısını da çox görmüşdü.Beləcə ,zalım dayısı arvadının insafsız “mərhəmətinə”sıqınmışdı.Onu ailədə nə dayısı uşaqları,nə də evin xanımı  istəmirdilər.Ən çox da  dayısıoqlu John onu hər zaman bir sıqıntı olaraq ,dilinə gətirib alçaldırdı.

Jane kitabları şox sevirdi.Onun 9 yaşı var,lakin oxuduqu kitablar sayəsində şox şey öyrənmiş,xəyali fantaziyaları,nitq qabiliyyəti ,gerçəyi görmə və aqlı ilə digər uşaqlardan fərqlənirdi.Macəra,fantastik kitabları çoz sevərdi.Bir gün  Reed  ailəsinin kitabxanasından icazəsiz bir kitab götürüb hər zamankı kimi ,öz küncünə(qırmızı pərdəli  pəncərə qarşısında) çəkilib novbəti sehrli aləmə dalarkən dayısı oqlu John ,onu tikanlı sözlərlə yenidən sancır.Hazırcavab və qorxmaz Jane onun qarşısında hər zamankı kimi boyun əymir.Aldıqı zərbəni qarşılıqında dayısıoqlunun üstünə şıqıyır.Səs-küyə xanım Reed və xidmətçilər gələrək,Jane cəzalandırmaq məqsədilə,Gateshild malikanəsinin heç  işlənməyən hətta Janeə görə xəyalətli  otaqa həbs edirlər.Zavallı qızcıqaz burda çox qorxur.Yalvarışlara baxmayaraq onu ordan azad etmirlər və orda  qorxunc bir gecə keçirərək  xəstələnir.Elə onun ertəsi günü xanım Reed  bir məktəb müdüri ilə görüşüb Jane-i  ucqar bir  Louvud  məktəbinə göndərir.Ondan sonrakı  monastır həyatında  bir çox çətinliklərlə qarşılaşsa da,Gateshild malikanəsindən rahat idi onun üçün.

18 yaşına  çatanda isə  özünə  yep-yeni bir səhifə açmaq  qərarına gələn  Jane  ,ingiltərənin başqa bir bölgəsində  Tornfield malikanəsində  varlı  bir  ailənin  qızına  müəlliməlik  edərək,burdaca  macəraların  ən ülvi  ,uca  zirvəinə çatır ki,bunu  kitabdan oxuyaraq  yaşamaqımız əsrarəngizdir.
Əsəri ç ox sevdim.Həm dili,süjet xətti, Janenin  şücaəti ,qorxmazlıqı  ,qoçaq olması,uşaq aqlına heyranlıqıma  səbəb oldu.Əsərdə dəfələrlə Janenin gözəl olmadıqı vurqulansa da,təsəvvürümdə yaratdıqım ən gözəl bir xanıməfəndi silueti yaranırdı gözüm önündə.

Onun gələcək həyatı necə  olacaqdı? İlk səhifələrdən beynimdə bu fikir bir dəqiqə də olsun  susmadı.
 Əsərdəki  xanımlarla  indiki dövrün xanımlarını  müqayisə etdim.Düzdür  müasirliyə  ,texnologiyaya qarşı olmasam da,yenə o dövrün  xüsusi  bacarıqlarını,tikiş-naxış,rəsm bacarıqı,musiqi duyumu,mütaliəsi  indikindən fərqli olaraq,o dövrdə vacib sayılırdı.Bunları bacarmayan  bir qız “Lady”sayıla  bilməz  və bunu çox bəyəndim.Övladlarımıza  bunları  aşılayaraq  əsil bir gələcək  bəxş etmiş  olarıq.səhnələri  yoxdu.

Son olaraq  qeyd edim ki, əsər boyunca   buqlana-buqlana süfrədə  yeməklər,varlı malikanələr olmasına baxmayaraq bər- bəzəkli  qablar,süfrələr ,insanların birlikdə süfrə arxasında oturma  Sanki,bunlar ac qalırlar,heç üzləri gülmürmüş kimi,solqun görünürdülər.Nə isə...
Hər kəsə oxumalarını məsləhət görəcəyim bir əsərdir.Öyrənəcəyimiz.görəcəyimiz  çooox  nüanslar var  burda,əzizlərim! Sizə bol mütaliələr arzu edirəm!

3 Temmuz 2016 Pazar

Yas mərasimlərimiz....
Bu haqda şox yazılıb, çox danışılıb bilirəm. Mən indi yaslarda verilən ehsanın məsrəf və israfından bəhs etmək fikrində deyiləm.. Hər zamankı kimi yaralı yerim insanların süniliyi  və səmimiyyətsizliyidir.
Bəzi bayağı halları "adət-ənənə" yə , bir qayda- qanun halına gətiriblər. İnsanlar kədərlərini belə başqalarına görə yaşayırlar...
Hamımız əzizlərimizi, yaxınlarımızı itirmişik, itirəcəyik, özümüz də bir gün olmayacağıq. İstərdim ki, heç olmazsa kədərimizi süniləşdirməyək. Kiməsə kədərli görünmək üçün , "mən atamı hamıdan çox istəyirəm" kimi görünmək üçün acılarımızı saxtalaşdırmayaq. Hər kəsin əzizi ,özünə hamıdan əzizdir. Ümid edirəm yazımla nə demək istədiyimi oxuculara çatdıra biləcəyəm....
                                  

Dəfn günü... Xüsusən qadın məclislərinə aiddir yazdıqlarım. İnancımız nə olur olsun, ölülərimiz müsəlman qayda -qanunlarına uyğun , lazımı şəkildə paklanıb torpağa tapşırılır. Bunu hamımız bilirik. Keçən günlərdə bir neçə yas mərasimlərində oldum, diqqətimi çəkən bir şeyi bölüşüb ,aydınlığa gətirmək istəyirəm.
Qadınlarda cənazəni qaldırmağa imkan verməmək kimi bir adət var. Yəni bunu eləməsn  ölmüş yaxınını çox istəmirsən mənasını verir. Demək, ataları gecədən rəhmətə gedib. 5 aylıq sürən bitkisəl həyatdan sonra, rəhmətliyin qolları iynə yerindən yara olub, çürümək dərəcəsinə çatmışdı. Hətta bir neçə dəfə yolda qızlarından soruşarkən, " Kişi bircə ölsəydi .öz canı da qurtulardı, biz də bu yollardan yığışardıq" demişdi...

Getdim... Dəfn olunmağa hazır cənazəni qızlar dəfn olunmağa qoymurlar. Qıy-qışqırıq səsləri qulaq cingildədir. Allah, Allah... bu nə mənzərədi, teatr səhnəsi kimi... Kişilər tabutu 3 dəfə qaldırıb yerə qoyandan sonra qadınları itələyib bir təhər darvazadan çıxdılar. ..
Bu hal kənardan hər iki mənada insanın ürəyini ağrıdır. Normal düşüncəli ,orta dərəcəli savadlı insan düşünər ki, belə edib də nə əldə edəcəyik? Cənazə torpağa verilməlidir. Bunun başqa yolu yoxdur...Kənardan kim nə deyəcək deyə, bu rola girmək nəyə lazımdır... Axı cənazə götürülməmişdən normal oturub söhbət edən adamlar idiniz?
Cənazə qapıdan çıxan, bu "bu özün öldürənlər" normal söhbətə, işə- gücə başladılar.
Bu hadisə tək bu  ailədə deyil, bir çox ailələrdə "qayda-qanun" halını alıb.
Heç bir sevgi valideyn sevgisinin qarşısına keçə bilməz. Yəni "sən" öz atanı, "mən" atamı sevdiyindən artıq və ya əskik sevmirsən. Bu daxildən gələn ,möcüzəvi bir İlahi gücdür.
Atam rəhmətə getdiyində artıq, ailəli. iki uşaqlı ana idim. Hələ hər şeydən xəbərsiz, uşaqlar evdən planlı şəkildə nənəsigilə göndərilmiş,mənsə ilk dəfə onlarsız atamgilə axşam çay içib , söhbətləşməyə gedirik. Yolboyu telefona gələn zənglərdən, üstüörtülü söhbətlərdən evimizdə "narahatçılıq" olduğunu anladım. Tez-tez təzyiqi qalxan nənəmlə bağlı hadisə olduğunu düşünüb büruzə vermədən ağladım da. Küçəyə yaxınlaşdıqca maşınlar, topa-topa insanlar, tanış üzlər... artıq məlum məsələ idi... Lakin evə girdiyimdə nənəmi üzü örtülmüş bir cənazənin yanında oturub aöladığnı görəndə daha çox sarsıldım. ..... artıq bu hisslərimi də yazmayacam. Bir onu deyə bilərəm ki, ölüm atama yaraşmırdı. Sağlam insan birdən-birə necə rəhmətə gedə bilərdi. Səhərə qədər yatmadıq. Artıq evdə adamlar çoxaldıqca, kədərimizi yaşaya bilmirdik. Durmadan müdaxilələr olunur. Bu elə olmalıdır...bu belə örtülməlidir... yox bu dəbdə deyil... kənddə belə eləmirlər... bir çox bu kimi göstərişlər.Atam kənddə dəfn olunacağı üçün. kəndin "dəb"i ilə getməliymişik.
Vəə o an gəlib çatdı. Gecədən sürən ölümün öz son sözünü demək vaxtı gəlib çatmışdı.. Atamızı könüllü yola salmalıydıq,  həm də bir daha görməməcəsinə.İnsan gücünün aciz olduğu anlardan …
  Gələnlərin üzünü görmürdüm. Düşüncəm fərqli, cavabsız suallar beynimi gəmirirdi. Bu zaman arxadan tanış bir səs :
  Kubra . indi gəlirlər atanızı aparmağa, səs-küy salın , buraxmayın atanızı dəfn olunmağa
....
  Necə yəni buraxmayın , dedim öz-özümə.Axı belə şey mümkün deyil. Buraxmayıb da nə edəsiydik ki….Sən demə bacılarıma da eyni sözlər deyilib, tapşırılıbmış….

   Bir müddət sonra ailəmlə yaşadığım öz evimə gəldim. Qonşularım məni ziyarətə gəldiklərində :” Kubra, siz bacılar çox soyuqsuz. Atanızı sakit yola saldız. Bizim kənddə qızı olmayan atalara qonşular səs-küy salırlar ki, qoy kənd camaatı görsünlər filankəsin cənazəsində qıy-qışqırıq ərşə çəkilmişdi”

  İnsanları kədərlərindən çox ətraflarındakıların düşüncələri maraqlıdır. Əksər hallarda mərasimə gələnlər də, ev yiələrinin özlərini necə aparmasına, oturmasına, durmasına , səsli və ya səssiz “soyuq” davranmasına , evlərindəki pəncərə şüşələrinin təmiz olub-olmamasına, mərhumun tikdiyi evinin adına nə dərəcədə uyğun olub –olmamasına maraqlarından gəlirlər . Üstəlik də bu hərəkətin , “qayda-qanun”un  , yüksək səviyyəli təbliğiylə məşğuldurlar.

 Heç olmazsa , biz gənc nəsil, gələcək nəsillərə kədərimizi göstərişsiz, mübaliğəsiz yaşamağı öyrədək. Öyrədək ki, sevinclərimiz kimi , kədərlərimiz də bizə aiddir.Öyrədək ki, hisslərimiz təbii olduğunda  daha ecazkardır.  Kədərimizi daxilimizdən gəldiyi kimi yaşamaqı, üsyanlarımızı, fəryadlarımızı təmkinlə idarə eləməyi, fikirlərimizi satmamağı, ona sahib çıxmağı öyrədək! Heç deyilsə , onlara hisslərimizə sahiblənməyi öyrədək…
 


16 Haziran 2016 Perşembe

Fəsillər yerini dəyişdirsə də,
Zaman öz dövrünü başa vursa da,
Dünya məhvərindən uzaqlaşsa da,
İnsanlıq dəyişməz bathabatdadı.
Ərəbi  bilmirəm , Tanrım...
Öz dilimdə yalvarıram...
Bütün yanğım, dualarım
Sevgisidir insanların...

Çox demirəm, ağır gələr
Qətrə- qətrə, zərrə-zərrə
İnsanlara hidayət  ver.
Zalımların canın alma
Yavaş-yavaş mərhəmət ver.
Öz bətnindən doğurduğu
Balacanı doyurmadan
Küçələrə, zibilliyə  atanlara
Mərhəmət ver!

Bədəninə can verməkdən  aciz olan
Əllərini sənə açan ,
Ağlamaqdan yorulmayan
Gənc qadının pıçıltıyla söylədiyi
İmdadına səsini ver!

Yetiş acların hayına!
Bir bax , uzaq Afrikanın
Susuzluqdan dodaqları paralanan,
Qabırğası üzə çıxıb
Barmaq-barmaq sıralanan
Uşaqların duasına, fəryadına
Bir əlac ver!

Varlıların varın alma!
Onu da sən yetirmisən
Verdiyini geri alma!
Bölüşməyi, paylaşmağı öyrət ona
"Toxun acdan nə xəbəri"
 misalını öyrət ona!
Varlığını xatırlat!
Yoxluğunu hiss elətdir!
Ədalət ver!



 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin