12 Kasım 2015 Perşembe

Labirint. Kübra İ-va (3-cü hissə)

 90-cı illərdə “uşaq” olmaq, həm də artıq uşaq olmamaqdı.  Artıq qəbul eləməliydik  bəzi  şeyləri. Məcburən 10 yaşından 18-20 yaşlarına gəlməliydik.  Həyatımıza yeni terminlər daxil olmuşdu və bunların çox pis şeylər olduğunu dərindən olmasa da yavaş-yavaş öyrənirdik.  “Sovet” , “Müharibə”  , “şəhidlər”, “qıtlıq” sözlərilə qulaqlarımız dolu idi artıq. Nə idi axı, bütün bunlar?  Həmin illər anamı itirmiş, ağır  bir uşaqlıq travması almışdım, evimizdə nənəmin ağlaşmalarından  qurtulub bir az məktəbdə uşaq olurdum ki,  bir səhər məktəbdə də eyni halla qarşılaşdım. İlk o zaman öyrəndim müəllimlər də bizim kimi normal  insan imiş .Onlar  nəinki yeyib-içmək, hətta  ağlaya da bilirlərmiş. İlk dərsimiz  , gecə saatlarında Rus ordusunun bakıda törətdikləri qəfil qətliamla  məlumatlandırılmaqla başlandı. Tam dərk eləməsəm də , anlamışdım bəzi şeyləri. Artıq qonşuluğumuzda yaşayan rus uşaqlarla oynamamalıydım.  Bu məni çox sarssa da, yadıma  uşaqlıq illərimin ən maraqlı  günlərini keçirdiyimiz , yaşadığımız ərazidə yerləşən  “Qorodok” deyilən  hərbi  şəhərcikdə rus uşaqlarla ağaca dırmaşıb tut yeyərkən,  Vanyanın məni hündür ağacdan itələməsi düşürdü. İnsan dostuna bunu necə edə bilərdi axı?  Anlamışdım və bu mənə uşaq ağlımca vəziyyəti  qəbul eləməyə kömək edirdi. Demək ki, biz möhkəm dost deyildik. ..

Hər şey bir anda dəyişmişdi. Bu sürətə yetişmək  çox çətinidi bizimçün.  Normalda günbəgün, ilbəil böyüyürdüksə , indi  dəqiqəbədəqiqə, saatbasaat böyüyürdük. Məcburən böyüməliydik.  Hər yeni xəbərə hazır olmalıydıq və hər dəfəsində gözlərimiz heyrətlə böyüyürdü. Bu qədər ağırlığı qaldıra bilməkçün  güclü durmağa çalışırdıq. Artıq oyunlarımız  azalmışdı, günümüzü qonşu  qadınların ağzından xoş söz eşitmək ümidiylə söhbət aralarında keçirirdik. Ancaq nafilə... heç bir ürək açıcı söz eşitmirdik ki, eşitmirdik...

Müharibə...  nə demək idi axı bu? Niyə xoşbəxtliyimizi almışdı əlimizdən? Nə haqla mane olmuşdu  uşaqlığımızı doya-doya yaşamağa?  Harda qalmışdı  dondurma almaq üçün sevinə-sevinə şəhər mərkəzinə qaçan uşaqlar?   Susayıb sərin, “dvoynoy” qazlı su aldıqımız  köşkümüz də bağlanmışdı artıq.
Bircə Sima xalanın tumları var idi. O da artıq əvvəlki kimi alınmırdı ...

Müharibə zonasında yaşamasaq da, dəhşətlərini görə bilirdik. Evimizin eyvanında bacılarımla durarkən, qəfil gurultu qopdu. Həyatımda bu qədər güclü səs eşitməmişdim.  Başımızı qaldırıb havaya  baxmağa macal tapmamış  çox nəhəng bir qırıcı təyyarənin başımızın üstündən keçib , sürətlə sanki
 “klass” göstərərək uzaqlaşdığını gördüm.Nə olduğunu anlamadan kiçik bacımla ağlamağa başladıq. Bir neçə gün müəyyən vaxtlarda bu hadisə  təkrarlandı və sonralar məlum oldu ki, rayonumuzda mövcud olan təyyarə bazasında olan təyyarələr sınaqdan keçirilirmiş və bu bir təlim imiş. Onsuz da millətin  canına vəlvələ düşüb , bunlar da təlim keçməyə yer tapmayıblar sanki.Bir neçə ailə  yığışıb  ərizəylə  müraciətetdilər ki, bundan sonra təlimlərini yaşayış məskənlərindən uzaq bir ərazidə  keçirsinlər və deyəsən bu işə yaradı...
O zamana qədər müharibənin nələr yaşada biləcəyini təsəvvür belə etmirdim. Çox qorxsam da,özümə təskinlik verməyə başladım. Ermənilər bizdən çoox uzaqdadırlar və hələ bizim rayona yaxınlaşmağa çox var. Bir də atamın sözləri hər zaman qulaqlarımda idi:
-”Kimdir erməni? Bizə yaxınlaşa da bilməz. Öldürərəm hamısını.
- Papa, bəs silahın, avtomatın yoxdur .axı?
_ Odey, orda qılıncım var, görmürsən? Kəsərəm onları”
Atam qəhrəman idi mənimçün.Həqiqətən də, kitab rəfinin  kənarında atama hədiyyə olunan qədimi bir qılınc asılmışdı. Bir necə dəfə toxunanda əlimi kəsmişdim.
Əvvəl atama, sonra da qılıncın kəsiciliyinə inamım çox idi. Artıq qorxum azalmışdı.

Qıtlıq... o zamana qədər o sözü nənəmdən çox eşitmişdim. Nənəm ikinci dünya müharibəsinin ən ağır üzünü görmüşdü.Aclıq, yoxsulluq, yetimlik, xəstəlik...
Həyat yoldaşı, yəni babam gənc yaşlarında müharibəyə getmiş, uzun illər əsirlikdən sonra evinə dönmüşdü. Nənəmin dediyinə görə  başı çox müsibətlər çəkmişdi. Ağır döyüşlərdə iştirak etmiş,  medalllar, ordenlərlə təltif olunmuşdu. Həm də çox savadlı kişi imiş. Bir sözlə nənəmin idealına çevrilmiş  bir insandır babam.  Daha bilmirəm bu heyranlıqda nənəmin  “ veteranın dul arvadı” kimi aldığı yüksək məvacibin də rolu vardır yəqin. Çünkü hər söz düşəndə :”Allah rəhmət eləsin, hələ də onun çörəyini yeyirəm” deyir. Nənəm də ən az babam qədər qəhrəman idi... Evdə hər zaman unumuzu, çayımızı, qəndimizi artıqlaması ilə saxlayardı. Hələ müharibə  başlamamışdan kisələrdə ehtiyatımız olurdu. Bəzən gülürdük :”Ay nənə, hər şey doludu mağazalarda.Neyniyirsen bunları aldırıb?” Arvad heç kimi eşitmirdi sanki...
Elə bir zaman gəldi ki, mağazalar da boşaldı. Hər bir ərzaq siyahıyla adam başına gəlib , satılırdı.İlk əvvəllər hər şey bir qədər normal idi. Hər kəs sakitcə gedir öz payını alır gedirdi. Lakin zamanla bu da olmadı. Artıq gün ərzində bir dəfə çörək gəlirdi , o da rayon üzrə ancaq bir  mağazaya. İnsanlar panik içində idilər. Ya çörəksiz qalarlarsa...
Evin kiçiyi  həm də bir az qoçaq olduğum üçün , çörək almağa məni göndərirdilər. Heç zamanda çörək almamış qayıtmazdım evə.
Əslində heç kim boş qayıtmırdı, amma millətimiz hər zamankı kimi növbədənkənar “soxularaq” daha çox, daha rahat çörək götürmək istəyərkən, o qədər itələşərdilər ki, qocalar bəzən dözə bilməyib özlərini  sıxlıqdan zorla kənarlaşdıra bilirdilər. Ya  da ,çörəkləri o qədər əlləşdirərdilər ki,babat çörəklər də yeyilmiyəcək hala düşürdülər. Bəzən satıcı R amiz dayı hirslənib, piştaxtanı bağlayırdı və sakitləşincəyə qədər heç kimə çörək satmırdı. Bəzi qadınların hədə-qorxularına məhəl də qoymurdu belə olduqda.
Uşaq olsam da,  bu mənzərə kənardan dözülməzliyi ilə ürəyimi bulandırdı. Təbii ki,o izdihama qarışsam həyatda çörək ala bilməzdim. Odur ki,kənarda dayanıb, Ramiz dayının məni çağırmasını gözləyirdim. Amma ürəyimdə qorxurdum hər zaman. Ya Ramiz dayı bu qədər adamın içində məni unutsa neyniyerem? Amma belə şey olmurdu.
Birdəfə Ramiz dayı dayı mənim çörəyimi uzadarkən, götürməyçün bacardığım qədər irəlilədim. Yan tərəfdən bir qadın necə itələdisə, artıq çörəyini alıb aralanmaq istəyən bir qoca kişinin əlindəki çörəyin kənarındakı qupquru çıxıntı qolumda dərin cızıq saldı. Qolum qanaya-qanaya evimizə gəldim, əlimdə çörək. Dava-dərman tapılmayan bir zamanda nənəm öz türkıçarələriylə günlərlə qolumu sarıdı, hətta irinləmişdi də.Qolumun ağrıdığını isə heç hiss elemirdim sanki, donmuşdum bütün balaca varlığımla. Uşaqlıq çağımı dondurub, bir daha  və daha sürətlə böyümüşdüm.
 O gündən sonra çörək almağa nənəm özü getdi.Qolumdakı çörəyin açdığı iz hələ də durur.Hər dəfə görəndə  müharibəni,qıtlığı, insanların üzündəki aclıq qorxusu dolu ifadələri, veteranlar mağazasında aldığım çörək yarasını xatırlayıram...





2 yorum :

Unknown dedi ki...

Cox maraqlidir. Bir anliq o gunleri yashadim. Qelemine sagliq!
Cheehmi

Kubra dedi ki...

Çeşminaz, Təşəkkür, əzizim:)

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin