30 Kasım 2015 Pazartesi

Xoş gəldimmi mən dünyaya?

Resim yazısı ekle
   Ailədə  beş uşağıq. Qardaşımız  yoxdu. Bəli düz anladınız beş  bacı ard-arda dünyaya gəlmişik. Mən dördüncüsüyəm.  Həmişə filmlərdə görmüşəm, uşaq dünyaya gələrkən ana, ata sevincindən kövrəlir, ağlayırlar. Bu kadrlara baxarkən "Görəsən mən dünyaya gələndə bu cür sevinc göz yaşları olubmu?" deyə düşünürəm. Bunu tez-tez fikirləşməyimin bir səbəbi var...



   Bu gün mənim doğun günümdür deyilənə görə. Sənəd üzərində üç dekabr qeyd edilsə də, mən  ad günümün məhs bu gün,  1 dekabrda qeyd edirəm neçə  illərdir. "Bir dekabr" tarixçəsini orta məktəbdə oxuyarkən , ilk dəfə 9-cu sinifdə təsadüfən öyrəndim. Eyni sinifdə oxuduğumuz qız mənə yaxınlaşıb təbrik edərkən :

   - Kubra, bu gün bizim ad günümüzdür, gəl qucaqlaşaq" dedi. Rəfiqəmi qırmadım cani-dildən qucaqlaşıb öpüşdükdən sonra:
   - Ülviş , çox sağ ol, amma mənim ad günümə hələ  2 gün var, dedim , gülə-gülə.
   - Yox nə danışırsan? Mamam deyir bir gündə doğulmusuz Kubrayla.
   Evə gəldim, boğula-boğula xəbəri evdəkilərə dedim. Nənəm:

   - Hə, ay bala . ola bilər. Həmən gün Sədaqətgil də, doğum evində idilər,
 dedi. Elə bumu yəni? Sadəcə ... eləcə bu qədər cavab...

Doğrusu , bu elə böyük məsələ olmasada çox qəhərləndim. Dəqiq xatırlamıram deyəsən ağlamışdım da. Ağlamağımın da səbəbi var idi...


  Kubra nənəmin adıdır. Atam anasının adını mənə verib. Kubra nənəm çox həlim, mehriban, savadlı qadın idi. O bizə gələndə toy-bayram olardı. Kənddən gəldiyi üçün "Moo Nənə" deyirdik. Bilmirəm bu adı beş bacıdan hansımız ona vermişdik. Doğum günüm kimi , bunu da dəqiq bilmirəm. Moo nənəmiz adından çox məmnun idi amma. Hər müraciətimizdə "can" deməsi göylərə qaldırardı məni və bacılarımı. Uzun yay gecələrində , yerdə oturardı, başımı ayaqları üstünə qoyardım və saatlarla saçımı sığallayardı. Sevgisini , istiliyini hiss elətdirən yeganə insandı Moo nənəm.

   Dediyim kimi üç qızdan sonra dünyaya qız olaraq gəlmək mənim qismətimə düşüb. Atam savadlı , ziyalı insan olsa da, inanmıram ki, oğlu olmasını arzulamasın. Yoxsa, dörd, hətta beşinci uşaq nəyə lazım idi ki? Həm deyilənə görə mən dünyaya gələndə qonum-qonşuya səs yayılıb ki, Dövlət müəllimin oğlu dünyaya gəlib. Hətta qonşumuz Lala xala atamdan babat bəxşiş də alıbmış bu xəbərə görə. Bəs görəsən , xəbərin yalan olduğunu biləndə atam çoxmu üzülüb, ya heç fərq etməyib ona? Bax, bunu hər zaman üz ifadəsində axtarsam da, heç vaxt  ayrı-seçkilik hiss eləməmişəm. Az istəsə də, çox da istəsə bu sevgi  bərabər paylaşılıb aramızda.

   Bir də doğum günü tariximi dəqiq xatırlaya bilsəydi... Bəlkə də indiki zamanda yaşasaydı, diliilə deyə bilmədiyi , qəlbinin dərinliyində gizlətdiyi sözləri facebbook səhifəsində heç sıxılmadan yazardı və mən bu yaşımda atamın itib batmış hesabını araşdırdırıb "Dünyamıza xoş gəldin, əziz balam. Səni çox sevirəm" statusunu görə bilərdim. O zaman ömür boyu xoşbəxt olardım. Unudardım bütün küskünlüyümü.

   "Burda böyüdüləcək nə var?" deyə, düşünməyin, əziz oxucu. Hər uşaq özəl olmaq istəyir, diqqət görmək istəyir, qayğı görmək... Qayğı - xəstələndiyimiz zaman kürəyinə isti dəsmal qqoymaq, ya öskürəndə dərman içirməklə ölçülməz. Bunu onun ölməməsi üçün edilən bir zərurətdən etmiş olursunuz. Qayğı-  hər gün sığallanmaqdır, qoxulu bir öpüşdür yanaqlarda, məhəbbətli baxışlardır, səni çox sevirəm deyişlərdir, istədiyində at olub belində gəzdirməkdir, dabanındakı "mozol" yarasına qoyulan ən son yara bandını unutmamaqdır, ya da ən azından doğum tarixini dəqiq bilməkdir.

   O zaman yenə bir nəfəri axtardım həyatda. Bir tək o dəqiq bilirdi. O əsla unutmazdı əminəm! Qoxusunu, saçlarını, gözlərini unutmadığım... Doğum günümü soruşmağa fürsət tapmadığım , məni sevdiyinnən əmin olduğum tək insanı axtardım yenə...


P.S. Doğum günümlə bağlı "yalan xəbər" , "bəxşiş" kimi məlumatları yaddaşına, diqqətinə güvəndiyim dayımoğlu Kamil mənə danışıb. Onun dediyinə görə isə, doğum günüm ayın 1-i yox , məhs 3 dekabrdır. Qərara almışam ki, gələn ildən etibarən , ad günümü ayın üçü qeyd edəcəyəm.

 




2 yorum :

Unknown dedi ki...

Kovreldim:( Allah rehmet elesin valideynlerine, Kubra! Mence tarixin onemi yoxdur. Esas odur ki, sen bizimlesen! Seni cox sevirik! Cheshmi

Kubra dedi ki...

Amin, Əziz dostum Cheshmi. Mən də səni sevirəm.Nə yaxşı ki, varsan!

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin