20 Kasım 2015 Cuma

Hər şeyə inad. Şeir.

Dünyanın çarxını saxlamaq olmur,
Elə hey, dirəşib tərsinə gedir.
Bir insan ömrünü heçə sayaraq,
Bu nə ədabazlıq , özündən gedir.


Üsyan etmək olmaz günahdır, günah,
Bəs mən necə edim bir yol göstərin.
Qədərin önünə bir daş atmışam,
Geciksin görüşə bu gün gəlməsin.

Bir səhər yuxudan xoşbəxt oyanıb,
Baxasan keçmişə şux gülüşünlə.
Şeytan da utanıb təbəssümündən,
Baxa əməlinə, xəcalətiylə...

Ata əlindəki böyük xurcunu,
Anlasın ağır yük apardığını
Etdiyi əməllər içində sınıb,
Qaytara keçmişdən qopardığını...

Bu nədir? Yatmışam ,yuxudayam mən,
Oyansam hər şeyi olmuş görərəm.
Saatın səsini duya bilmirəm,
Bəlkə də ölmüşəm, niyə karam mən?

Hələ tezdir , istəmirəm köç edim,
Biri məni silkələsin, oyandırsın yuxudan
lap razıyam bir güclü qol şillələsin
Təpikləsin, çəkindirsin bu yoldan.

Axı bu haqsızlıq...tələsmirəm mən
Hələ çatılmamış arzularım var,
Daha görəcəyim yarımçıq sevinc,
Hələ yazılmamış yazılarım var...

Bir qədər unutsun məni mələyim.
Heç olmasa bir neçə ay, yada il...
Çox demirəm, heç olmazsa yaşayım,
Anamın öldüyü o yaşa gəlim....

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin