3 Temmuz 2016 Pazar

Yas mərasimlərimiz....
Bu haqda şox yazılıb, çox danışılıb bilirəm. Mən indi yaslarda verilən ehsanın məsrəf və israfından bəhs etmək fikrində deyiləm.. Hər zamankı kimi yaralı yerim insanların süniliyi  və səmimiyyətsizliyidir.
Bəzi bayağı halları "adət-ənənə" yə , bir qayda- qanun halına gətiriblər. İnsanlar kədərlərini belə başqalarına görə yaşayırlar...
Hamımız əzizlərimizi, yaxınlarımızı itirmişik, itirəcəyik, özümüz də bir gün olmayacağıq. İstərdim ki, heç olmazsa kədərimizi süniləşdirməyək. Kiməsə kədərli görünmək üçün , "mən atamı hamıdan çox istəyirəm" kimi görünmək üçün acılarımızı saxtalaşdırmayaq. Hər kəsin əzizi ,özünə hamıdan əzizdir. Ümid edirəm yazımla nə demək istədiyimi oxuculara çatdıra biləcəyəm....
                                  

Dəfn günü... Xüsusən qadın məclislərinə aiddir yazdıqlarım. İnancımız nə olur olsun, ölülərimiz müsəlman qayda -qanunlarına uyğun , lazımı şəkildə paklanıb torpağa tapşırılır. Bunu hamımız bilirik. Keçən günlərdə bir neçə yas mərasimlərində oldum, diqqətimi çəkən bir şeyi bölüşüb ,aydınlığa gətirmək istəyirəm.
Qadınlarda cənazəni qaldırmağa imkan verməmək kimi bir adət var. Yəni bunu eləməsn  ölmüş yaxınını çox istəmirsən mənasını verir. Demək, ataları gecədən rəhmətə gedib. 5 aylıq sürən bitkisəl həyatdan sonra, rəhmətliyin qolları iynə yerindən yara olub, çürümək dərəcəsinə çatmışdı. Hətta bir neçə dəfə yolda qızlarından soruşarkən, " Kişi bircə ölsəydi .öz canı da qurtulardı, biz də bu yollardan yığışardıq" demişdi...

Getdim... Dəfn olunmağa hazır cənazəni qızlar dəfn olunmağa qoymurlar. Qıy-qışqırıq səsləri qulaq cingildədir. Allah, Allah... bu nə mənzərədi, teatr səhnəsi kimi... Kişilər tabutu 3 dəfə qaldırıb yerə qoyandan sonra qadınları itələyib bir təhər darvazadan çıxdılar. ..
Bu hal kənardan hər iki mənada insanın ürəyini ağrıdır. Normal düşüncəli ,orta dərəcəli savadlı insan düşünər ki, belə edib də nə əldə edəcəyik? Cənazə torpağa verilməlidir. Bunun başqa yolu yoxdur...Kənardan kim nə deyəcək deyə, bu rola girmək nəyə lazımdır... Axı cənazə götürülməmişdən normal oturub söhbət edən adamlar idiniz?
Cənazə qapıdan çıxan, bu "bu özün öldürənlər" normal söhbətə, işə- gücə başladılar.
Bu hadisə tək bu  ailədə deyil, bir çox ailələrdə "qayda-qanun" halını alıb.
Heç bir sevgi valideyn sevgisinin qarşısına keçə bilməz. Yəni "sən" öz atanı, "mən" atamı sevdiyindən artıq və ya əskik sevmirsən. Bu daxildən gələn ,möcüzəvi bir İlahi gücdür.
Atam rəhmətə getdiyində artıq, ailəli. iki uşaqlı ana idim. Hələ hər şeydən xəbərsiz, uşaqlar evdən planlı şəkildə nənəsigilə göndərilmiş,mənsə ilk dəfə onlarsız atamgilə axşam çay içib , söhbətləşməyə gedirik. Yolboyu telefona gələn zənglərdən, üstüörtülü söhbətlərdən evimizdə "narahatçılıq" olduğunu anladım. Tez-tez təzyiqi qalxan nənəmlə bağlı hadisə olduğunu düşünüb büruzə vermədən ağladım da. Küçəyə yaxınlaşdıqca maşınlar, topa-topa insanlar, tanış üzlər... artıq məlum məsələ idi... Lakin evə girdiyimdə nənəmi üzü örtülmüş bir cənazənin yanında oturub aöladığnı görəndə daha çox sarsıldım. ..... artıq bu hisslərimi də yazmayacam. Bir onu deyə bilərəm ki, ölüm atama yaraşmırdı. Sağlam insan birdən-birə necə rəhmətə gedə bilərdi. Səhərə qədər yatmadıq. Artıq evdə adamlar çoxaldıqca, kədərimizi yaşaya bilmirdik. Durmadan müdaxilələr olunur. Bu elə olmalıdır...bu belə örtülməlidir... yox bu dəbdə deyil... kənddə belə eləmirlər... bir çox bu kimi göstərişlər.Atam kənddə dəfn olunacağı üçün. kəndin "dəb"i ilə getməliymişik.
Vəə o an gəlib çatdı. Gecədən sürən ölümün öz son sözünü demək vaxtı gəlib çatmışdı.. Atamızı könüllü yola salmalıydıq,  həm də bir daha görməməcəsinə.İnsan gücünün aciz olduğu anlardan …
  Gələnlərin üzünü görmürdüm. Düşüncəm fərqli, cavabsız suallar beynimi gəmirirdi. Bu zaman arxadan tanış bir səs :
  Kubra . indi gəlirlər atanızı aparmağa, səs-küy salın , buraxmayın atanızı dəfn olunmağa
....
  Necə yəni buraxmayın , dedim öz-özümə.Axı belə şey mümkün deyil. Buraxmayıb da nə edəsiydik ki….Sən demə bacılarıma da eyni sözlər deyilib, tapşırılıbmış….

   Bir müddət sonra ailəmlə yaşadığım öz evimə gəldim. Qonşularım məni ziyarətə gəldiklərində :” Kubra, siz bacılar çox soyuqsuz. Atanızı sakit yola saldız. Bizim kənddə qızı olmayan atalara qonşular səs-küy salırlar ki, qoy kənd camaatı görsünlər filankəsin cənazəsində qıy-qışqırıq ərşə çəkilmişdi”

  İnsanları kədərlərindən çox ətraflarındakıların düşüncələri maraqlıdır. Əksər hallarda mərasimə gələnlər də, ev yiələrinin özlərini necə aparmasına, oturmasına, durmasına , səsli və ya səssiz “soyuq” davranmasına , evlərindəki pəncərə şüşələrinin təmiz olub-olmamasına, mərhumun tikdiyi evinin adına nə dərəcədə uyğun olub –olmamasına maraqlarından gəlirlər . Üstəlik də bu hərəkətin , “qayda-qanun”un  , yüksək səviyyəli təbliğiylə məşğuldurlar.

 Heç olmazsa , biz gənc nəsil, gələcək nəsillərə kədərimizi göstərişsiz, mübaliğəsiz yaşamağı öyrədək. Öyrədək ki, sevinclərimiz kimi , kədərlərimiz də bizə aiddir.Öyrədək ki, hisslərimiz təbii olduğunda  daha ecazkardır.  Kədərimizi daxilimizdən gəldiyi kimi yaşamaqı, üsyanlarımızı, fəryadlarımızı təmkinlə idarə eləməyi, fikirlərimizi satmamağı, ona sahib çıxmağı öyrədək! Heç deyilsə , onlara hisslərimizə sahiblənməyi öyrədək…
 


0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin