3 Şubat 2016 Çarşamba

Əsəd Qaraqaplan Trilogiya– “HalRoman” “XilasRoman” “SavaşRoman” haqqında

          Əsəd Qaraqaplan  Trilogiya– “HalRoman”  “XilasRoman”  “SavaşRoman” haqqında
2016-cı ilə qədəm qoyarkən,  dünya ədəbiyyatı ilə yanaşı Az. Müasir yazarlarına da müraciət edəcəyimi söz vermişdim.  Açıqcası bir-iki nəfərdən başqa gənc yazarlar haqqında çox da məlumatlı deyiləm. Yalnız az da olsa oxuduqlarım içərisində yazısını, dilini , axıcılığı ,anlaşıqlığı , ən əsası səmimiliyi  baxımdan Əsəd Qaraqaplan hazırda mənimçün daha yaxşı təsir bağışladı. Yazarlıq – içindən gəldiyini olduğu kimi, heç nəyi gizlətmədən , utanmadan hisslərini  sətirə köçürməkdir. Ona düzəliş etdinsə, ətrafını düşündünsə, səmimilik azalır və hətta itir... Yazarımız Əsəd bəy   bir müsahibəsində ona ünvanlanan suala belə cavab vermişdi: “- Hər yazıçı dəlidi. Özü də zır dəli. Yazıçı fikirlərini və hisslərini bir ovuca yığıb istədiyini insanlara deməyə başladığı andan dəli olur. Ruhi xəstə yox - dəli. Fikirlərin, ağılın, məntiqin, hisslərin və görmələrin dəlisi. Bu baxımlan bəli, mən də dəliyəm - hər özünü yazıçı hesab edən adam təki”
    Mütaliəmə Əsəd Qaraqaplanın Trilogiyasının ilk romanı(2009) “Halroman”la başladım. Roman adından da göründüyü kimi , əsər qəhrəmanının  halını, iztirablarını, keçirdiyi hissləri , düşdüyü vəziyyətin ağırlığını bütün çılpaqlığı ilə ,çox ustalıqla oxucuya göstərir. Oxuduqca  hər kəsdən, hər şeydən uzaqlaşmış, sərgərdan həyat sürən bir yazarın depressiv halından hali olursunuz. Səksən altı səhifəlik bu kiçik romanda olduqca dərin fikirlərə rast gəldim.Hər bir cümlədə bir qədər düşünməli oldum ki, son zamanlarda heç bir kitabda bu Halla qarşılaşmamışdım. Ümumilikdə trilogiyanın əsas mövzusu sevgi, daha doğrusu sevgisizlikdir. Daim əsl sevgi axtarışında olan qəhrəmanımız Men , sevgisini tapa bildimi? Bunu ardıcıl olaraq “XilasRoman”da  və “SavaşRoman” da öyrənməyə çalışacağıq.
XİLASROMAN.(2010)
Bu romanda qəhrəmanımız düşdüyü hali- vəziyyətdən qurtulub xilas olmağa çalışır.  Xilasroman 3 nəfərin, Men, Kölgəsi və yazar Aslan Halromanın  dilindən , hər birinin öz düşüncələri ilə bir-birini izahetməyə çalışaraq, sanki xilası asanlaşdırmağa çalışdıqlarını göstərir. Qəhrəmanımız xilası evdən, iş yerindən çıxıb haraya gəldi baş alıb getməsində görür. “İlk dəfə onda anladım ki, insan evdən çıxıb hara, niyə getdiyini bilmədiyi yoldan daha çox şey gözləyir, daha çox ümidli olurmuş”, deyir. Əsər, yazar Aslan Halromanın  Men haqqında yazı yazmağa başlaması ilə davam edir. “İndi sizə Menin taleyini öz taleyim kimi anlatmaq zorunda qaldığım bu hal içində nə söyləyəcəyimi bilməsəm də , bircə şeyi bilirəm ki, yazmalıyam – sətirlərin, sözlərin, hərflərin burulğanında itmək, ərimək belə olsa , oturub dəli kimi yazmalıyam... Menin ailəsi,yaşadığı  cəmiyyət, işlədiyi iş, dostluq etdiyi, sevdiyi insanlar, əslində mənim də görüb yaşamaq zorunda qaldığım hallardı.Bizim fərqimizsə hardasa hərəkət və durğunluqda üzə çıxır, yəni o, bütün bunları öz hərəkətlərində edirdisə, mən də bunu oturub yazmaqla bulunmağa çalışıram”
Menin daimi “kölgə”si isə onun haqqında deyirdi: “ Onun kölgəsi olmaq mənə ağır gəlsə də , belə bir maraqlı hərəkətlərə , həyat təcrübəsinə sahib olan birini izləmək , etdiyi qəribə hərəkətlərin səbəbini özümçün dəqiqləşdirmək , o qədər maraqlı idi ki, mən daha öz varlığıma şübhə edir, çox zaman onda əriyib, yoxa çıxırdım...”
Roman hər cümləsində bir məna yatan , düşüncə yaradan 158 səhifədən ibarətdir.
SAVAŞROMAN.
Trilogiyanın sonuncu romanı 2011-ci ildə yazılıb, sırf savaş və sevgi üzərində qurulmuşdur.  Yazar bu roman haqqında deyirdi: “ Bəlkə də bu romanın yazılma halını bir insan ömrü qədər  uzada bilər, hər dəfə ona nə isə əlavə edə bilərdim. Amma kitabı bu qədər sürətlə yazıb bitirərkən, mən bir şeyi dəqiq anladım - əsl sevgi insana bəzən yüzlərlə insanın bir ömür boyu yaşayıb , duya bilməyəcəklərini , bir günün, bir saatın , hətta bir anın içində  anladır, duyurur”
Roman sevgi romanı olmaqdan ziyadə, daha çox şeyi aşılayır. Xəzər sahilində yazar Haqan Savaşla qarşılaıb bütün həyat hekayəsini, sevdiyi qadınları, ailəsini ona anladıb, həyatı mübarizəsinə, savaşına güc qatır sanki . Men  roman boyunca həqiqət axtarışında oldu, lakin hər kəsin görüb bildiyi yox. O , hər kəsdən fərqli idi. Hər kəsin bildiyi həqiqət ona görə deyildi. Onun öz gerçəkləri, öz fikirləri vardı. O hər kəs kimi olmaq istəmirdi. Bəlkə də buna görə sevdiyi qadınlarla , kənddə qoyub gəldiyi ailəsi- ana və qardaş-bacılarıyla fikir ayrılığı yaşayırdı. Onu anlayan və dinləyən yalnız  , yazar Haqan Savaş idi. Artıq , yazar Haqan Savaş xəyalətmiydi ya gerçək , bu oxucunun təxəyyülündən asılıdır.
Romanları oxuya-oxuya özünüzü həm də Bakının küçələrində, Xəzərin neft qoxulu sahilində, İçərişəhərin qala divarları arasındakı xarabalıqlardan tutmuş, füsunkarlığıyla  baş- başa hiss edəcəksiniz. 392 səhifəlik SavaşRoman Menin sevgisizliyini, yalqızlığını, depressiv halını ən əsası savaşını qalibiyyətə çatdıra bildimi? Bunu bilmək üçün oxuculara bu trilogiyanı oxumağı  şiddətlə tövsiyə edirəm.


  




0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin