28 Aralık 2015 Pazartesi

Sirli Dünyam



Xoşbəxtlikdən yaz deyirlər, düşünürəm.
Bir nağıl uydurum xəyallarımdan.
Çıxsın daxilimdə gizlənən pəri,
Qovuşsun həyata varaqlarımdan.
Həyatın dadını, sirrini bilən,
Sehrini doyunca yaşaya bilsin.
Bir pəri böyütdüm, bir su pərisi ,
Həyatın zövqünü daşıya bilsin .
Mahnı da oxuyar, rəqs də edər,
Mən onu bilirəm, mən böyütmüşəm.
Artıq azadlığın dadını bilib,
“El- aləm nə deyər” öyrətməmişəm.
Sevsin dalğa-dalğa üzən saçını,
Baxsın surətinə suyun əksində.
Dəniz aşiq olsun, dalğalar coşsun,
Öpüşsün, sevişsin ləpələr ilə.
Qısqansın balıqlar, küssün dənizdən,
Gəlməsin sahilə lal qağayılar.
Dənizin xoşbəxtlik fəlsəfəsindən
Baxıb ilham alsın bütün canlılar.
Ləpələr sıçratsın şux damcıları,
Çilənsin üzlərə xoşbəxtlik mehi.
Dənizin verdiyi bu cəsarətdən,
Cavanlar boğmasın heç məhəbbəti.
Hər kəsin içində burulub qalan,
Gizli pərisi var bunu bilirəm.
Hərdən qıdıqlayar içəridən səni:
“Azadlıq, azadlıq... dözə bilmirəm”

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin