22 Aralık 2016 Perşembe

Kəramətli su...

İyul günəşinin yandırıcı  günlərindən idi.  Dünyaya yenicə göz açmış oğlumu yatırıb beşiyinə yerləşdirmişdim ki, qapımın möhkəm döyülməsinə diksindim. Uşağın ayılmaması üçün barmaqlarımın ucunda qapıya tərəf tələsdim. Gözlüyə baxmağa fürsət tapmadan, qapının çölündə qonşularımın səsini eşidib, tərəddüdsüz qapını açdım. Yəqin yenə xar tut satırlar, ya da nə bilim , kimin əlinə nə keçir  burda satmağa gətirirlər. Bina evi olduğu üçün gətirilən mer-meyvə, əl-üstü alınırdı.  Lakin, abu-havadan başqa hava sezdim və  görməyə adət etdiyim tanış üzlərin içərisində, hündürboy, dolu, qara və bir aaz seyrək tüklü baş bir kişi gördüm. Əlində bir torba və dəmirdən ya nədənirsə əl formasında bir şey gördüm. Göz-gözə gəliyimiz ani ,qısa zaman kəsiyində ağlımdan min-bir fikir keçdi. Qonşum Məsmə xala qələbəliyi yarıb, özünü irəli verdi :
" Kübi, biz baxdırdığey, sən də gəl. Dedüy bizdən geri qalmayasan!"
Hələ o vaxtlar çox gənc və təcrübəsiz olduğum üçün, tam anlaya bilmədim. Təxmin etsəm də, bir başa demədən:
 "Nəyə baxdırırsız,Məsmə xala?" dedim.
 "Az, nəyə olacağ. Gəl bura , biləssən"

Adamın təhər-töhüründən elə fırıldaq yağırdısa da, qonşuların küyünə düşüb maraqlandım. Yaxınlaşıb lazım olduğu kimi , uzadılan bir sapı  böyük məsuliyyətlə iki qatlayıb "baxıcı"ya uzatdım. Kişi sapı alıb ovcunda sıxdı və həmin əliylə kürəyimə 3 dəfə də vurub evdən  bir stəkanda su gətirməyimi istədi. Gətirdim... Suyu içəcəyini sanmışdım ki, kişi stəkanını ağzına yaxınlaşdırdı, sanki ağzında hazır saxlaığı köpüklü tüpürcəyini suya saldı. Ardıyca gözlərini üstümə bərəldərək:
 "Görrəm cavansan, evdə körpə balon da  var. Çox xəstədi. Onun fikrin edersən. Məə, beş kilo ətin pulun ver, balana heş bi şey olmacağ"
 Bir anlıq qanım dondu. Bu kişi hardan bilirdi mənim körpəmin xəstə olduğunu... İlahi, ya ona bir şey olsa nə edərəm? Bəs o pulu hardan tapacam? Evdə cəmi -cümlətani 20 şirvan var , onu da gətirim buna verimmi? Bəs , axı yoldaşım evə gələndə, deməzmi ki, pullar hanı?...
Mən bunları düşünərkən, qonşularım dizlərinə vura-vura ,məndən nəyim var gətirib baxıcıya verməyimi təkid edirdilər. O vaxtkı vəziyyətimdə o pula çox ehtiyacım olsa da, oğlum gözümün önünə gəlincə heç nəyi düşünməz hala gəlirdim. Bir tərəfdən də , ürəyimdə öz-özümü durmadan lənətləyirdim. Axı, qapını hər döyənə niyə açmalıydım ki...

Həyəcan və qorxudan titrəyə-titrəyə evə gəlib, pul qabında olan axırıncı pulları gözümü yumub "körpə oğlumun canına fəda olsun milyon şirvanlar " deyib ,pulu götürdüm və gətirib kişiyə verdim. Kağız pulları görcək, kişinin  qap-qara, iri  gözləri parıldadı. Pulu alcaq stəkandakı  "köpürcəkli" suyu mənə verib cəld uzaqlaşdı. Bundan sonra elə bil qurbağa gölünə daş atmısan. Sakitlik çökdü, hərə öz komasına dağılışdı. Mən də kor-peşman düşüncəli halda bir müddət evin içində dolaşdım. Dolaşdım da... illər keçib, oğlum sağ və salamatdır çox şükür. Pullar da cəhalətimin qurbanı oldu , eybi yox...Baxın, mən stəkandakı o "kəramətli" suyu neynədiyimi xatırlamıram.

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin