Əsəd Qaraqaplan Trilogiya– “HalRoman” “XilasRoman”
“SavaşRoman” haqqında
2016-cı
ilə qədəm qoyarkən, dünya ədəbiyyatı ilə
yanaşı Az. Müasir yazarlarına da müraciət edəcəyimi söz vermişdim. Açıqcası bir-iki nəfərdən
başqa gənc yazarlar haqqında çox da məlumatlı deyiləm. Yalnız az da olsa
oxuduqlarım içərisində yazısını, dilini , axıcılığı ,anlaşıqlığı , ən əsası səmimiliyi baxımdan Əsəd Qaraqaplan hazırda mənimçün
daha yaxşı təsir bağışladı. Yazarlıq – içindən gəldiyini olduğu kimi, heç nəyi
gizlətmədən , utanmadan hisslərini sətirə
köçürməkdir. Ona düzəliş etdinsə, ətrafını düşündünsə, səmimilik azalır və hətta
itir... Yazarımız Əsəd bəy bir müsahibəsində
ona ünvanlanan suala belə cavab vermişdi: “- Hər yazıçı dəlidi. Özü də zır dəli.
Yazıçı fikirlərini və hisslərini bir ovuca yığıb istədiyini insanlara deməyə
başladığı andan dəli olur. Ruhi xəstə yox - dəli. Fikirlərin, ağılın, məntiqin,
hisslərin və görmələrin dəlisi. Bu baxımlan bəli, mən də dəliyəm - hər özünü
yazıçı hesab edən adam təki”
Mütaliəmə Əsəd Qaraqaplanın Trilogiyasının
ilk romanı(2009) “Halroman”la başladım. Roman adından da göründüyü kimi , əsər
qəhrəmanının halını, iztirablarını,
keçirdiyi hissləri , düşdüyü vəziyyətin ağırlığını bütün çılpaqlığı ilə ,çox
ustalıqla oxucuya göstərir. Oxuduqca hər kəsdən, hər şeydən uzaqlaşmış, sərgərdan
həyat sürən bir yazarın depressiv halından hali olursunuz. Səksən altı səhifəlik
bu kiçik romanda olduqca dərin fikirlərə rast gəldim.Hər bir cümlədə bir qədər
düşünməli oldum ki, son zamanlarda heç bir kitabda bu Halla qarşılaşmamışdım.
Ümumilikdə trilogiyanın əsas mövzusu sevgi, daha doğrusu sevgisizlikdir. Daim əsl
sevgi axtarışında olan qəhrəmanımız Men , sevgisini tapa bildimi? Bunu ardıcıl
olaraq “XilasRoman”da və “SavaşRoman” da
öyrənməyə çalışacağıq.
XİLASROMAN.(2010)
Bu romanda qəhrəmanımız düşdüyü hali- vəziyyətdən qurtulub xilas olmağa
çalışır. Xilasroman 3 nəfərin, Men, Kölgəsi
və yazar Aslan Halromanın dilindən , hər
birinin öz düşüncələri ilə bir-birini izahetməyə çalışaraq, sanki xilası
asanlaşdırmağa çalışdıqlarını göstərir. Qəhrəmanımız xilası evdən, iş yerindən
çıxıb haraya gəldi baş alıb getməsində görür. “İlk dəfə onda anladım ki, insan
evdən çıxıb hara, niyə getdiyini bilmədiyi yoldan daha çox şey gözləyir, daha
çox ümidli olurmuş”, deyir. Əsər, yazar Aslan Halromanın Men haqqında yazı
yazmağa başlaması ilə davam edir. “İndi sizə Menin taleyini öz taleyim kimi
anlatmaq zorunda qaldığım bu hal içində nə söyləyəcəyimi bilməsəm də , bircə
şeyi bilirəm ki, yazmalıyam – sətirlərin, sözlərin, hərflərin burulğanında itmək,
ərimək belə olsa , oturub dəli kimi yazmalıyam... Menin ailəsi,yaşadığı cəmiyyət, işlədiyi iş, dostluq etdiyi,
sevdiyi insanlar, əslində mənim də görüb yaşamaq zorunda qaldığım
hallardı.Bizim fərqimizsə hardasa hərəkət və durğunluqda üzə çıxır, yəni o,
bütün bunları öz hərəkətlərində edirdisə, mən də bunu oturub yazmaqla bulunmağa
çalışıram”
Menin daimi “kölgə”si isə onun haqqında deyirdi: “ Onun kölgəsi olmaq mənə ağır
gəlsə də , belə bir maraqlı hərəkətlərə , həyat təcrübəsinə sahib olan birini
izləmək , etdiyi qəribə hərəkətlərin səbəbini özümçün dəqiqləşdirmək , o qədər
maraqlı idi ki, mən daha öz varlığıma şübhə edir, çox zaman onda əriyib, yoxa
çıxırdım...”
Roman hər cümləsində bir məna yatan , düşüncə yaradan 158 səhifədən ibarətdir.
SAVAŞROMAN.
Trilogiyanın sonuncu romanı 2011-ci ildə yazılıb, sırf savaş və sevgi üzərində
qurulmuşdur. Yazar bu roman haqqında
deyirdi: “ Bəlkə də bu romanın yazılma halını bir insan ömrü qədər uzada bilər, hər dəfə ona nə isə əlavə edə bilərdim.
Amma kitabı bu qədər sürətlə yazıb bitirərkən, mən bir şeyi dəqiq anladım - əsl
sevgi insana bəzən yüzlərlə insanın bir ömür boyu yaşayıb , duya bilməyəcəklərini
, bir günün, bir saatın , hətta bir anın içində
anladır, duyurur”
Roman sevgi romanı olmaqdan ziyadə, daha çox şeyi aşılayır. Xəzər sahilində
yazar Haqan Savaşla qarşılaıb bütün həyat hekayəsini, sevdiyi qadınları, ailəsini
ona anladıb, həyatı mübarizəsinə, savaşına güc qatır sanki . Men roman boyunca həqiqət axtarışında oldu, lakin
hər kəsin görüb bildiyi yox. O , hər kəsdən fərqli idi. Hər kəsin bildiyi həqiqət
ona görə deyildi. Onun öz gerçəkləri, öz fikirləri vardı. O hər kəs kimi olmaq
istəmirdi. Bəlkə də buna görə sevdiyi qadınlarla , kənddə qoyub gəldiyi ailəsi-
ana və qardaş-bacılarıyla fikir ayrılığı yaşayırdı. Onu anlayan və dinləyən
yalnız , yazar Haqan Savaş idi. Artıq ,
yazar Haqan Savaş xəyalətmiydi ya gerçək , bu oxucunun təxəyyülündən asılıdır.
Romanları oxuya-oxuya özünüzü həm də Bakının küçələrində, Xəzərin neft qoxulu
sahilində, İçərişəhərin qala divarları arasındakı xarabalıqlardan tutmuş,
füsunkarlığıyla baş- başa hiss edəcəksiniz.
392 səhifəlik SavaşRoman Menin sevgisizliyini, yalqızlığını, depressiv halını ən
əsası savaşını qalibiyyətə çatdıra bildimi? Bunu bilmək üçün oxuculara bu
trilogiyanı oxumağı şiddətlə tövsiyə edirəm.