2 Mayıs 2016 Pazartesi

Məsmə və Məmməd...

   Qonşumuz Məsmə  40-45 yaşlı , normal görünüşlü bir qadındır. Yoldaşı Mamed ilə eyni yaşıddırlar. Məsmənin dediyinə görə 7 illik sürən  gizli sevgi macərasından sonra. birtəhər ailələrini razı salıb evlənə bilmişdilər. Evlilikləri asan başa gəlmədiyi kimi , evlilik sonrası da, illərlə kirayələrdə, ehtiyac içində keçirdikləri günləri az olmamışdı. Bütün bunlar azmış kimi, övlad intizarı da 10 il davam eləmişdi. Bu 10 il müddətində Mamed ailəsinin , qohumlarının israrına baxmayaraq, Məsmədən ayrılmamışdı.

   Nəhayət, isti iyul günlərinin birində  gözlənilən bir qız övladı dünyaya  gəldi. Sevinclərinin həddi -hüdudu yoxdur. Bunlarla yanaşı yeni aldıqları mənzillərindəki qonşuluların  da intizarına son qoyulmuşdu. Məsmə artıq məclislərə üzüağ , sevincək gedə bilirdi. Dəfələrlə qulağı eşidə-eşidə getdiyi məclislərdə barmaqla göstərilərək "filankəsin uşağı olmayan gəlini"  kimi tanıdılmışdı yadlaraa. Bunun nə qədər kədərli olduğunu bir tək özündən başqa heç kim başa düşməmişdi . İndi də, o günlərini xatırlayıb danışarkən gözlərindən yaşlar gilə-gilə tökülür....

  Aytənin dünyaya gəlişinin ardından, Ayxan da gəlmişdi dünyalarına. Bəs nə idi bu ailədəki problem? Bu soyuqluğa səbəb nə olmuşdu anlamıram? Məsmə artıq alışıb bu vəziyyətə . hətta burda qeyri-adilik görmür belə. Yəni Mamed evə gələrkən:
  "- Aytən, anan hanı?"
  "- Aytən, anana de yemək versin"
  "- Aytən anana de çay versin..."  Bütün bunlar Məsmə üçün çox adi bir haldır. Sanki ,Aytəni bir-birləri arasında  körpü olması üçün dünyaya gətirmişdilər.

  Yəni, öz həyat yoldaşına müraciət edib, nəsə istəmək bu  qədərmi çətindir?
  Hər şey bir yana , hər hansı bir məclisə bir yerdə , amma yad insanlar kimi getmək necə mümkün ola bilir? Üstəlik də bir yerdə oturmaz, bir-birinin üzünə belə baxmazdılar. Getmək məqamı gələndə , Mamed hər hansı bir qonşu uşağından xəbər göndərib , Məsmənin getmək istəyib-istəməməsinə ehtiyac duymurdu.

    Məsməyə görə bu artıq onların yaşına görə normaldır. O özünü yaşlı hiss edir və belə qələmə verir.Ona görə ailədə sevgi olmurmuş. Ailədə kişinin qadınla zarafatı, deyib-gülməsi onun üçün  kişinin "yüngüllük" əlamətidir.
  - Bilirsən, Mamed çox ciddi, ağırbaşlı insandır. O , neçə illərdir  uşaqların yanında mənim adımı dilinə gətirmir" deyir.

   Məsmə adi qadınlardan biridir.On bir illik məktəb həyatından sonra. çox da cəmiyyət içərisində olmamışdır. Ailə qurduqdan sonra da, uzaq başı Mamed evə gəlincə teleseriallara baxır, o gələndən sonra da, yeməyini verib, öz küncünə çəkilir. Sosial şəbəkədən xəbərsiz, hətta cib telefonu olmadan da "öz başını saxlayır"  Yəqin onun hekayəsini ictimailəşdirdiyimi bilsə, mənə çox acığı tutar. Hətta mətndəki adları şərtiləşdirsəm belə....

  Tez -tez mənimlə söhbət edərkən bundan söz salması ,əslində ürəyinin dərinliklərində çöküntü olduğunu göstərir. Axı, kim istəməz ki, ailəsində gülərüz abi-hava olsun. Mamedin bu "ağırbaşlılığı" Məsməyə çox ağır başa gəlirdi. Əlbəttə Məsmə mənə hər şeyi açıqlamasa da ,  ürəyinin dərinliklərində  həqiqətin fərqində idi...

Yəqin ki , bu yazıda əsas problemin Mamedin Məsməyə müraciət şəklindən çox , əslində bunun dərinliyində insanlarımızın ailə anlayışının öz üzərlərində məhdudiyyətlərə məruz qoyduğunun faciəsini görürük. Mamedin həyatında başqa qadının olduğunu bilə-bilə , onun ayaqqabısının üzünü bağlayacaq qədər sevən Məsmənin acı taleyinin şahidi oluruq.  Qadınlığını, hisslərini "ailəsinə""qurban" verən tipik bir Azərbaycanlı qadını. Bu həqiqətən ailədirmi? Ümumiyyətlə ailə necə olur? Məsmənin bu suala cavab verməsini çox istəyərdim. Məhs onun cavab verməsini....

(Mətndə adlar şərtidir)


0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin